Peyvənd öhdəliyini pozmağa görə cərimənin məbləği çox aşağıdır - Nazirlik

21:53 08.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliya hökumətinin 50 yaşdan yuxarı insanlar üçün peyvəndi məcburi etməsi və bu öhdəliyi pozanlara tətbiq olunacaq cərimənin məbləği müzakirələrə səbəb olub.

Hafta.az xəbər verir ki, Nazirlər Şurasının qəbul etdiyi qərara görə, fevralın 1-dən etibarən peyvənd olunmayan yaşı 50-dən yuxarı vətəndaşlar birdəfəlik 100 avro cərimələnəcək.

Bu cərimə məbləği geniş təbəqənin, xüsusən də səhiyyə işçilərinin narazılığına səbəb olub. “Həyatımızın dəyəri 100 avrodur!”, “100 avro - sağlamlığımızın qiymətidir”, “Mən kimin üçün həyatımı riskə atıram” kimi fikirlər səsləndirən səhiyyə işçiləri cərimənin məbləğinin çox aşağı olduğunu bildiriblər. Gimbe Fondunun prezidenti Nino Kartabellotta da oxşar reaksiya verib. O, təhlükəsizlik kəməri tələbini pozanların 323 avroya qədər cərimələndiyini xatırladıb və peyvənd tələbinə görə cərimənin məbləğinin çox az olduğunu deyib.

Reaksiyalardan sonra hökumət pandemiya tədbirlərini pozanlara qarşı tətbiq edilən sanksiyaların 100 avro cərimə ilə məhdudlaşmayacağını açıqlayıb. Ölkədə vaksin sertifikatı tələbinin pozulmasına görə cərimələrin miqdarı 1500 avrodur.

Hesablamalara görə, İtaliyada 50 yaşdan yuxarı təxminən 28 milyon nəfərin 2,1 milyonu hələ də COVID-19 infeksiyası əleyhinə peyvənd olmayıb.